Qazaxıstanlı baş məşqçi Qurban Qurbanovun yanına təcrübəyə gəldi
Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov “Qarabağ”ın düşərgəsində olub.
"Mediasport" xəbər verir ki, Almatı təmsilçisinin çalışdırıcısı Qurban Qurbanovun yanında təcrübə keçib.
34 yaşlı mütəxəssis Ağdam klubunun hazırlığı, futbolçuların fiziki hazırlığı, nəzəri dərslər və analitik biliklərlə bağlı məlumatlara yiyələnib.
O, Qurban Qurbanovla görüşü haqda danışıb və təəssüratlarını bölüşüb:
“Qarabağ”da məni çox isti qarşıladılar. Klubun strukturunu tanıtdılar, akademiya ilə tanış oldum, mənə forma da hədiyyə etdilər.
Baş məşqçi Qurban Qurbanovla tanışlıq sakit və rəsmi atmosferdə keçdi. O, çox ciddi və lider enerjisi olan insandır. Məlum oldu ki, o, Almatını və hətta Qazaxıstan Premyer Liqasının klublarını yaxşı tanıyır.
Qurbanov mənə məşqçilər heyətinə, məşq prosesinə və adətən qapalı keçirilən nəzəri məşğələlərə tam çıxış imkanı verdi”.
Qeyd edək ki, yanvarda fəaliyyətini bir il müddətinə dondurmuş AKAS klubu 2025-ci il mövsümündə 1-ci liqanı 9-cu sırada başa vurub.
