"Ürəyim Azərbaycan millisinin yanında olacaq" - Əmrə Belözoğlu

Türkiyə millisinin sabiq futbolçusu, karyerası ərzində ölkəsində “Qalatasaray”, “Fənərbağça”, İtaliyada “İnter”, İngiltərədə “Nyukasl” və İspaniyada “Atletiko Madrid” kimi tanınmış komandalarda oynamış Əmrə Belözoğlu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə Fransa və Azərbaycan yığmaları arasında keçiriləcək görüş haqqında fikirlərini bölüşüb.
"Mediasport" xəbər verir ki, veteran yarımmüdafiəçi AZƏRTAC-a açıqlamasında oyunun çətin keçəcəyini bildirib.
O, rəqibin kifayət qədər güclü komanda olduğunu vurğulayıb:
“Azərbaycan millisinin bəzi matçlarını izləmişəm. Təəssüf ki, nəticələr istənilən kimi deyil. Fransa yığması güclü komandadır. Onların fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Bugünkü qarşılaşmada ürəyim Azərbaycan millisi ilə olacaq. Ölkənizi çox sevirəm. Futbolunuzun daim inkişaf etməsini istəyirəm. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram”.
Qeyd edək ki, bu gün “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.