Yalnız votsapla işləyən Frank De Blekere təkcə kabab yeməyə gəlib?

Yalnız votsapla işləyən Frank De Blekere təkcə kabab yeməyə gəlib?

Yaxşı şərait və imkanlara rəğmən, Azərbaycanda hazırkı futbol hakimliyi səviyyəsinin aşağı olduğu danılmazdır.

Videotəkrar sistemi olsa da, hər tur minimum bir yanlış qərar birbaşa nəticələrdə rol oynayır, hansısa komandanı xal və ya xallardan edir.

Son olaraq belə səhvin qurbanı 22-ci turun "Sabah"la səfər görüşündə "Turan Tovuz" oldu.

İnqilab Məmmədovun VAR-ın müdaxilə edə bilmədiyi və birbaşa nəticəyə təsir edən səhvini bütün aləm gördü. AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere də ertəsi təsdiq etdi.

Artıq bir neçə ildir Hakimlər Komitəsinə rəhbərliyi əcnəbilərə tapşırmaq sevdasından əl çəkməyən federasiya hakimlərin müəllim dediyi bu adamı 2024-cü ilin iyulunda sədr postuna gətirdi.

Dünyaca tanınmış belçikalı Frits Ştuxlik və Barış Şimşəkdən sonra AFFA Hakimlər Komitəsinə rəhbər təyin edilən üçüncü əcnəbi oldu.

Sabiq FİFA referisi, dünya və Avropa çempionatlarının final mərhələləri, Çempionlar Liqası və Avropa Liqası kimi səviyyəli turnirlərin əsas oyunlarında baş hakimlik etmiş, indi də UEFA və FİFA-nın bayrağı altında keçirilən oyunlara hakim-inspektor kimi təyinat alan De Blekere geridə qalan 6 aydan çox müddətdə jurnalistlər qarşısına çıxmayıb.

Hakimləri inkişaf etdirməli və işlərinə qiymət verməli olan cavabdeh şəxs Premyer Liqa matçlarında qeydə alınan kobud səhvlərə mövqeyini yalnız və yalnız votsap vasitəsilə bildirir. O da yalnız AFFA-nın mətbuat xidmətinə.

59 yaşlı mütəxəssis ölkəmizə, deyəsən, ancaq lülə kabab yeməyə gəlib. Deyilənə görə, əksər əcniblər kimi, o da Azərbaycan mətbəxinin şah təamlarından olan kababa aşiq olub.

Rəhbərlik etdiyi hakimlərin səhvlərinə votsap vasitəsilə rəy bildirən komitə sədrini bəlkə Azərbaycana ekspert kimi dəvət ediblər, xəbərimiz yoxdur!

Sənin verdiyin şərhi mən də bacarıram, İnqilab da, o biri də, bu biri də. Daha sənə ayda N qədər əməkhaqqını nəyə verirlər?

Ayda 10 min dollardan çox maaş alan belçikalının qazancı özünə qismət, ancaq özümüzdə o məbləğin yarısının yarısına işləyəcək və De Blekeredən geri qalmayacaq hakim kifayət qədərdir.

Məsələn, ondansa elə vaxtilə hakim olmuş, bugünlərdə AFFA-da baş katib postu əlindən alınmış İcraçı vitse-prezident Sərxan Hacıyev işləyər də, 3-5 manat artıq pul cibini yırtmayacaq ki.

Guya, Frank De Blekere nə edir ki? Nəsə edirsə, çıxsın ortalığa, göstərsin, görək.

Birbaşa cavabdehlik daşıdığı hakimlərin işində heç bir irəliləyiş yoxdursa, ən son texnoloji yeniliklərdən belə, istifadə edə bilmirlərsə, kabab ağırlıq gətirər...

AFFA rəhbəri Rövşən Nəcəf onu Bakıya yalnız kabab yeməyə dəvət edibsə, başqa məsələ.

Üstündən nanəli ayran içməyi unutmayın, nuş olsun!

Elvin ƏHƏD