"Ümumilikdə bu təlim-məşq toplanışının çox köməyi olacaq"

"Belə hazırlıqlar milli üçün çox önəmlidir. Əsas odur ki, futbolçular oyun praktikasını itirmirlər. Üstəlik, bəzi gənc qızları yoxlamaq imkanı yarandı".
"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis Belarusda keçirilən təlim-məşq toplanışını dəyərləndirib. O, meydan sahibləri ilə baş tutan iki yoldaşlıq oyunu haqda da danışıb:
“İyunun 25-dən Minskdə təlim-məşq toplanışında olduq, iki yoldaşlıq görüşü keçirdik.
Belarus yığması ilə keçirdiyimiz ikinci yoldaşlıq oyununda səhvlərimiz ilk matçla müqayisədə daha az oldu. Hər iki qarşılaşmada milliyə yeni cəlb edilən gənclərə şans verdik.
Fikrimcə, ikinci matçda daha yaxşı çıxış etdik. Xüsusən də birinci hissə maraqlı alındı, qol şanslarından yararlana bilmədik. İkinci hissənin əvvəlində adi səhvdən qol buraxdıq. Ondan sonra bərabərlik qolu üçün hücuma atıldıq və rəqib komanda boşluqdan istifadə edərək ikinci dəfə fərqləndi.
Ümumilikdə bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq”.
Qeyd edək ki, yığmamız Belarus futbolçularına 0:3 və 0:2 hesabları ilə uduzub.