"Məqsədimiz əsas mərhələyə yüksəlməkdir" - Ülvi Əliyev

“Yaxşı hazırlıq keçmişik, heyətimizi günləndirmək üçün yeni futzalçılar dəvət edilib. Bir sözlə, Avstriyaya tam hazır gəlmişik. İlk oyundakı rəqibimiz də yaxşı analiz edilmişdi".
"Mediasport" xəbər verir ki, bunu futzal üzrə "Araz-Naxçıvan" klubunun üzvü Ülvi Əliyev deyib.
Azərbaycan çempionunun futzalçısı UEFA Çempionlar Liqasının ilkin mərhələsinin F qrupunda Şimali İrlandiyanın "Sparta Belfast" komandası üzərində qazanılan 9:1 hesablı qələbəni şərh edib.
İlk turda dubl edən Ülvi təəssüratlarını bölüşüb:
"Baş məşqçi onlara qarşı necə oynamalı olduğumuzu məşqlərdə başa salmışdı. Yeri gəlmişkən, ötən il də Çempionlar Liqasının ilkin mərhələsinə mərhz onlarla oyunla start vermişdik. İlk oyunda müəyyən həyəcan, adaptasiya problemi olur. Vacib olan qələbə qazanmaq idi, çünki bu cür turnirlərdə səhv bağışlanmır. Böyükhesablı qələbə növbəti oyunlar üçün əla stimul oldu”.
Futzalçı vurduğu qolları kimə həsr etdiyini qeyd edib:
“İlk növbədə çalışdım komandamın qələbəsinə töhfə verim, kömək edim. Qaldı qolları kimə həsr etməyimə, hər zaman məni dəstəkləyən, yanımda olan, ruhdan düşməyə imkan verməyən, qəbələyə səsləyən ailəmə ərmağan edirəm. Ən böyük dəstəkçilərim onlardır”.
O, qeyd edib ki, növbəti rəqiblərlə görüşdə diqqətli olmalıdırlar:
“Dünən günün ikinci oyununda da gözlənildiyi kimi, meydan sahibi komanda qalib gəldi. Məğlub olmasına baxmayaraq, Şotlandiya çempionunun da fərqlənmək üçün bir neçə şansı oldu. Baş məşqçimiz hər iki komandanı analiz edib, lazımi məlumatları bizə çatdıracaq.
İstənilən halda, diqqətli olmalı, rəqiblərə zəif-güclü prizmasından baxmamalıyıq. Çünki hər oyuna 3 xal verilir. Ani diqqətsizlik, səhv nəticəsində itiriləcək xalların bərpası olmur. Təbii ki, məqsədimiz əsas mərhələyə yüksəlməkdir. Bunun üçün ilkin mərhələni lider kimi başa vurmalıyıq. Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”.
Xatırladaq ki, "Araz-Naxçıvan" bu gün Şotlandiyanın PYF, avqustun 30-da "Ljuti Krajişniçi" klubu ilə qarşılaşacaq.