Azərbaycan millisi bu dəfə Qazaxıstan yığmasına qalib gəldi

Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda iştirak edən Azərbaycanın U-17 milli komandası bu gün qrupda son matçına çıxıb.
"Mediasport” xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Qazaxıstan yığması ilə qarşılaşıb.
İlk hissədə hesabda geri düşən futbolçularımız fasilədən sonra iki qol vuraraq əzmkar qələbə qazanıblar - 2:1.
Komandamızın qollarını Əhməd Vəliyev və İmran Süleymanzadə vurublar.
Beləliklə, millimizin İnkişaf Kubokunu qazanmaq fürsəti yarana bilər. Bunun üçün qrupda yer alan Rusiya seçməsi də son oyununu keçirməlidir.
Şimal qonşularımız bir qədər sonra İran komandasına qalib gəlsə, 7 xalla lider olacaqlar və Azərbaycan futbolçuları yarışda yalnız 3-cülük uğrunda mübarizə aparmaq imkanı yaxalayacaqlar.
Rusiya uduzsa və ya heç-heçə etsə, komandamız çempionluğa oynayacaq.
Yarışda qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda yarışacaqlar.
Xatırladaq ki, yığmamız ilk oyunda Rusiyaya məğlub olub (0:3), ikinci görüşündə İran futbolçularına qalib gəlib (1:0).
Turnirdə fevralın 21-də həlledici görüşlər təşkil olunacaq.