Azərbaycan Premyer Liqasında 10 ildən sonra təkrarlanan göstərici

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün startı heç-heçələrlə zəngin olub.
"Mediasport" xəbər verir ki, 1-ci turun baş tutan 5 oyunun üçü "sülh"lə nəticələnib.
"Karvan-Yevlax" - "Qəbələ", "Neftçi" - "Şamaxı" və "Zirə" - "Araz-Naxçıvan" görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb.
Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.
Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.
Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.
Cari mövsümün 1-ci turunun keçirilən 5 oyununda 10 qol vurulub.
Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir.
Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm 2,00 olub.
Xatırladaq ki, 1-ci turun bir matçı təxirə salınıb.