Azərbaycanda “İdman haqqında” yeni qanun layihəsi hazırlanır
"Son illər idman sahəsində geniş islahatlar aparılır. Gənclər və İdman Nazirliyində, eləcə də bütün sahələrdə və federasiyalarda mühüm yeniliklər həyata keçirilir".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyev deyib.
Millət vəkili Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə çıxış edib:
"Hazırda Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən “İdman haqqında” yeni qanun layihəsi hazırlanır. İdmanın kütləviliyinin təmin olunması bu qanunda mütləq şəkildə öz əksini tapmalıdır.
Regionlarda idmanın inkişafı, yəni Bakı ilə regionlar arasında mövcud inkişaf fərqinin aradan qaldırılması da çox vacib məsələdir.
Qadın idmanının inkişafı bütün idman federasiyalarına aid olan mühüm istiqamətlərdəndir və xüsusi diqqət tələb edir.
Çünki idmanın bazası məhz kütləvilikdən, təhsildən, məktəblərdən və universitetlərdən formalaşır. Bu məsələlər də qanunvericilikdə aydın şəkildə əks olunmalıdır”.
