Bakıda "Qələbə qaçışı" adlı xeyriyyə tədbiri təşkil edildi

Bakıda "Qələbə qaçışı" adlı xeyriyyə tədbiri təşkil edildi

Bakıda Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.

"Mediasport" xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Dənizkənarı Milli Parkda "Yeddi gözəl" fəvvarəsinin yanından "Qürurla irəli" şüarı ilə start götürən qaçışdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Marafon 10 km məsafəni əhatə edib.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda atletika üzrə milli komandanın üzvləri - Bəxtiyar Əsgərli kişilər kateqoriyasında, Anna Yusupova qadınlar arasında birinci olub.

Kişilərdə Faqət Quliyev ikinci, Elşad Nəsibov üçüncü yeri tutub.

Qadınların yarışında isə finişə atletika yığmamızın digər üzvləri - Natalya Vallek ikinci, Yuliya Belkova üçüncü çatıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu, "İdman veteranları" İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və başqaları təqdim ediblər.

Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib.

Qeydiyyat zamanı toplanan vəsait "YAŞAT" Fonduna ianə ediləcək.