Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəldi
Azərbaycanın 4 boksçusu Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, yarışın üçüncü günündə Şahin Aslanov (60 kq) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.
Adil Zalov (70 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Muszakovski (Polşa) ilə üz-üzə gələcək.
Gülər Hüseynova (48 kq) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.
Fidan Bakarova (63 kq) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.
