Azərbaycanlı boksçular dünya çempionatında iştirak edəcəklər

Sentyabrın 4-də "World Boxing"in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı start götürəcək.
"Mediasport" xəbər verir ki, İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Kişi boksçulardan ibarət komandamız mundialda tam heyətlə çıxış edəcək.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.
Qadınların mübarizəsində Azərbaycan 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) rinqə çıxacaq.
Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.
Dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir.