"Belə oyunlarda sona qədər mübarizədən qopmamaq çox vacibdir" - Qurban Qurbanov

"Belə oyunlarda sona qədər mübarizədən qopmamaq çox vacibdir" - Qurban Qurbanov

"Futbolçularıma təşəkkür edirəm. Belə oyunlarda sona qədər mübarizədən qopmamaq çox vacibdir. Onlar bunu bacardılar. Bəli, səhvlərimiz oldu. Daha çox texniki səhvlərə yol verdik. Futbolçularım nəticə üçün oynamağı bacardılar. Buna görə də onları təbrik edirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə oyunundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Şimali Makedoniya klubu haqqında xoş sözlər dilə gətirib və onları "məğlub olmağı sevməyən kollektiv" adlandırıb:

"Bundan əvvəlki iki oyunda qələbə qazanmışdılar. Bu matç bir daha onu göstərdi ki, layiqli qələbə qazanmışdılar. Çox güclü bir komandaya qarşı yaxşı oyunla qalibiyyət əldə etmişdilər. Biz də bu gün bunun şahidi olduq. Oyunda bizə qarşı çox gərginlik yaşatdılar. Hər bir halda, bu cür oyunda belə bir komandaya qarşı səfərdən qələbə ilə dönmək böyük avantajdır. Amma Bakıdakı cavab oyununda daha diqqətli və ciddi olmalıyıq. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".

Çalışdırıcı oyunun keçirildiyi "Todor Proeski" stadionunda azarkeşlərin yaratdığı atmosferdən də söz açıb:

"Futbolun gözəlliyi elə atmosferdir, azarkeşlərdir. Bu cür gözəl stadionda azarkeşlərin olması oyunu daha da gözəlləşdirmişdi. Sanki "Şkendiya" komandası əlavə motivasiya almışdı. Çünki bir neçə il əvvəl bu stadionda oynamışdıq, amma bu cür azarkeşlərlə qarşılaşmamışdıq. Sizə və komandaya təşəkkür edirəm ki, bu cür gözəl mübarizə ortaya çıxdı. Məncə, azarkeşlər də bu gün məmnun qaldılar".

Qurban Qurbanov "Kadi Borgesin bu gün zəif təsir bağışladığı fikri ilə razısınızmı?" sualını belə cavablandırıb:

"Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma bu gün bunu müzakirə etməli deyilik. Çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Ona qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Bu gün həyəcan da var idi. Futbolçular aqressiv idilər. İstədiklərimizin bəziləri alınmadı. Hər bir oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz".

Mütəxəssis sonda Balkan ölkələrini təmsil edən futbolçuların güclü xarakterə sahib olduqlarını vurğulayıb:

"Mənim komandamda bir çox alban futbolçu olub. İlk ağla gələn Ansi Aqolli və Admir Telidir. Onlar mənim üçün həm dəyərli insan, həm də yaxşı futbolçular idi. Ümumiyyətlə, Balkan ölkələrinin futbolçularında həmişə güclü bir xarakter olub. "Şkendiya"nın heyətindən hansısa futbolçu haqqında fikir bildirməyim düzgün olmaz. Bu, rəqib komandaya qarşı atılmış düzgün bir addım olmaz. Onların motivasiyalarını pozmaq istəmərik. Əlbəttə, bu komandada yaxşı futbolçular var. Gələcək üçün yaddaşımızda saxlayacağıq".

Rövşən ƏLİSOY