Bayquş ulamağa başlayarsa...

Heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi olan bayquşlar ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər.
Qeyri-adi göstərici, möcüzədir hətta.
İnsanın bacaracağı iş deyil. Bayquşlarda 14 boyun fəqərəsi olduğu halda insanlarda bu, 7-yə bərabərdir.
Yəni, bayquşun ətrafı görmək və müşahidə etmək bacarığı insanlardan iki dəfə üstündür.
Bayquşlar insanların mənfi münasibət bəslədiyi uçan canlılardan sayılır.
Əsatirlərə görə, bunun əsas səbəbi bayquşun uğursuzluq əlaməti hesab edilməsi və əsasən xarabalıqlarda yuva qurmasıdır.
Xalq inanclarında bayquşun ulaması da həmişə pis yozulub.
Qədim zamanlardan ta indiyədək bədniyyətli quş kimi xarakterizə olunan bayquşun vahimə yaradan səsinin - gecə ulamasının hansısa xoş olmayan hadisəyə işarə etməsi kimi yozulur.
Allah, özün qoru.
Bizim "Sabah bizik" şüarı ilə "fyuçə" quracaqlarını iddia edən "Sabah" futbol klubunun da rəmzi bayquşdur, rəsmi loqosunda məhz bu bədniyyətli hesab edilən quşun şəkli yer alır.
"Sabah"ın ümumən yaradıldığı gündən məramı, niyyəti, məqsədi tam anlaşılan olmasa da, dəqiq bilinən mətləblər var. Kor-kor, gör-gör.
Qeyri-rəsmi məlumatlara əsasən, bu il üçün 20 milyon manata qədər büdcəsi olan "bayquşlar" Premyer Liqada 61 gün (!!!) əvvəl qələbə qazanıblar.
Geridə qalan iki aylıq müddətdə liqada maliyyə imkanlarını bəlkə 4-5 dəfə qabaqladığı "Səbail", "Şamaxı", "Sumqayıt" və "Kəpəz"lə görüşlər də daxil, 7 oyundur 3 xala həsrətdir.
Ən son doğma meydanda acından günota duran, çempionatda qalmaq uğrunda yarışan "Kəpəz"ə uduzan Masazır klubu keçmiş kapitanı, "Neftçi"də forma geyinən Elvin Camalovun kubokda onlara qarşı təxribata, belə desək, oyun manipulyasiyasına əl atdığını iddia etməsi qədər absurd, gülünc bəyanatı məhz yayacaq potensialda olan "Sabah" bizi təəccübləndirdimi, təbii ki, xeyr.
Bayquşların boyunlarının dönmə bucağının insanlardan iki dəfə çox olması misalını bekara çəkməmişdim.
Uğursuz rəhbər-idarəçi, AFFA-nın əsas söz sahiblərindən Maqsud Adıgözəlovun timsalında klubda yer alanlar illərdir burunlarının ucundakı uğursuzluqlara, 3-6 aydan bir məşqçi dəyişərək imza atdıqları fiaskolara don geyindirmə cəhdlərinə izah vermək əvəzinə ucuz şouya əl atır.
Qeyri-peşəkarlığın pik nöqtəsidir. "Suda boğulan saman çöpündən yapışar" - Atalar misalı belələri üçün deyilibmiş zamanında.
Ya da ki, utanmasan, oynamağa nə var...
"Sabah bizik" pafosundan çıxa bilsələr, peşəkarlığa zərrə sığmayan belə bəyanatın nə qədər gülünc olduğunu, hətta hüquqi məsuliyyət daşıdığını anlayarlar.
Özüdü ki, var. Bayquşa aid edilən bütün mənfi xüsusiyyətləri aşağı-yuxarı mənimsəyən "bayquşlar"dan illərdir xərclənən milyonların hesabını soruşa bilən olsa, inanın, Masazırdakı baza başlarına uçar. Maqsud Adıgözəlovqarışıq kimsə altından çıxa bilməz.
Sadəcə, indi zaman hələlik onlara işləyir. Olsun.
Ancaq heç kim dünyanı tutub getmir. Əvvəl-axır sizin də dar ağacına çəkilmək vaxtınız gələcək. Görüşəcəyik.
AYXAN