"Bu dəfə istəyimizə çatdıq, sabah məsuliyyətli olmalıyıq" - KADİ

"Məşqçimizin də dediyi kimi, hazırlaşmağa çox vaxtımız olmadı. Amma istənilən halda biz bu oyuna hazırıq, çünki belə yarışda iştirak etmək hamımızın arzusu idi".
"Mediasport" bildirir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges deyib.
Braziliyalı vinger sabah UEFA Çempionlar Liqasında əsas mərhələnin ilk turu çərçivəsində qonaq olacaqları "Benfika" ilə qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bunadək demək olar ki, üç dəfə qapıdan qayıtdıq, pley-off-da məğlub olduq. Amma bu dəfə istəyimizə çatdıq. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, yaxşı oyunlarımızdan birini göstərəcəyik. "Benfika" çox böyük klubdur vəı heyətində dünya səviyyəli oyunçular var. Onların oyununu yaxşı təhlil etmişik və sabah ən yaxşı oyunlarımızdan birini göstərməliyik".
Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.