"Emin, Mahir, utanmırsınız, niyə yalan danışırsınız?!" - VİDEO

1 ildir rəsmi və qeyri-rəsmi oyunlarda qələbə qazana, ardıcıl 5-ci oyundur rəqib qapısına qol vura bilməyən Azərbaycan yığması Latviya səfərindən də əliboş döndü - 0:0.
Sonuncu dəfə 2024-cü il iyunun 11-də Qazaxıstanla yoldaşlıq görüşündə 3 qol vurub qalib gələn (3:2) komandamız bugün-sabah ənənəvi "qara zolaq" üçün "il" verəcək.
Ən minimum, elə ötən bu bir ili analiz etsək, çox şeyin əvvəlkindən də pis olduğunu, Azərbaycan futbolunun xüsusən milli səviyyədə qat-qat geriyə getdiyini deməyə-sadalamağa onlarla əsas var. Lakin mövzu sırf latışlarla matçdır.
Çünki Skontoda reallaşan oyundan sonra kapitan Emin Mahmudov və Mahir Emrelinin "CBC Sport"a verdiyi açıqlamalar adamı özündən çıxarmaya bilməz. Sanki biz başqa oyuna baxmışıq!
Yığma üzvləri elə bəh-bəhlə, ağızdolusu danışır, adam özündən şübhələnməyə başlayır.
Deyirlər ki, rəqibdən çox üstün oynadıq, topa çox sahib olduq, səliqəli ötürmələr-filan - lakin bircə çatışmayan qol idi.
Bütün dünya azərbaycanlıları qarşılaşmanın icmalını "yutub"dan yenidən izləyə bilər.
"CBC Sport" vasitəsilə canlı yayıma baxanlar isə Azərbaycan yığmasının nə qədər bərbad, yarımpeşəkar futbol oynadığını bir daha görə bildi.
Statistika Eminin də, Mahirin də ağzına gələni danışdığını deməyimizə konkret əsas verir.
Bütün oyunlar daxil, ardıcıl 9-cu matçında qələbə qazana bilməyən yığmamızın bu dueldə qapıya - "çərçivə"yə konkret bir cəhdi qeydə alındı. Son dəqiqələrdə Xəyal Əliyevin zərbəyə oxşamayan, qapıçıya ötürməyəbənzər toxunuşunu Rihards Matreviçs elə göydəcə asanlıqla tutdu ki, buna zərbə demək gülüncdür.
Mahirlə Nərimanın qol vurmağa hərəyə iki cəhdi (zərbəsi yox, məhz cəhdi. İcmala bir də baxa bilərsiniz-red.) də gülməli toxunuşlarla qapıdan xeyli aralı keçdi.
Ümumilikdə Latviya futbolçularının qapımıza doğru 9 cəhdi, qapıya doğru 1 zərbəsi, yığmamızın isə 6 cəhdi və 1 qeydə alınan zərbəsi var.
Emin Mahmudovun topa çox sahib olduğu dediyi matçda topa nəzarət 48/52 seçməmizin xeyrinə oldu, buna üstünlük demək üçün çox QIRMIZI olmalısan!
Pas dəqiqliklərinə baxaq: 501/431 - 610/545. Yəni ötürmələr 86 faiz meydan sahibləri, 89 faiz bizimkilərdə dəqiq alındı. Burada da hansısa üstünlükdən danışmaq olmaz.
Künc zərbələri: Latviyalıar 5 dəfə "korner" qazandılar, Azərbaycan futbolçuları yalnız 1 dəfə bu hüquqa yiyələndilər. Kimdir üstün?
Və.s., və ilaxır...
Əvvəllər əsasən federasiya rəhbərliyi, məşqçilər korpusu ağ-yalanlar danışırdılarsa, uğursuz seçimə artıq futbolçular da qoşulublar.
Üzləri-üzlərimizə, gözləri-gözlərimizə baxaraq bizə yalan danışırlar. Utanmırsınız?
Sizin oynadığınız futbola biz baxmırıq? Görmürük?
Gözəgörünməz qiyafəli yeni baş katib Cahangir Fərəcullayev isə gələcəyə ümidlə baxdıqlarını, yeni yazdırdıqları strategiya üzərində işləməyə başladıqlarını, nə bilim, işçi qrup-zad yaratdıqlarını deyir...
Elvin