PSJ finalda "İnter"i darmadağın edərək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu

UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
"Mediasport" xəbər verir ki, Almaniyanın Münhen şəhərində 75 min azarkeş tutumuna malik "Alyans Arena"da Fransanın PSJ və İtaliyanın "İnter" kollektivləri qarşılaşıblar.
Luis Enrikenin baş məşqçisi olduğu PSJ darmadağınla tarixində ilk dəfə ÇL kubokunu qazanıb.
Qeyd edək ki, əsası 1970-ci ildə qoyulmuş Paris təmsilçisinin bunadək Avropada uğurları yalnız 1995/1996-cı illər mövsümündə ovaxtkı UEFA Kuboku və 2001-ci ildə artıq tarixə qovuşmuş İntertoto Kubokunu qazanmaq olub.
Kifayət qədər titullu Milan təmsilçisi isə Avropanın ən səviyyəli klub yarışı sayılan Çempionlar Liqasında indiyədək üç dəfə baş mükafata sahib çıxıb - 1963/1964, 1964/1965 və 2009/2010-cu illər.
Turniri ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb. Son qalib də "kral klubu"dur.
Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu isə 141 qolla Portuqliya yığması və “Əl Nəsr”in superulduzu Kristiano Ronaldodur.
UEFA Çempionlar Liqası. Final
PSJ (Fransa) - "İnter" (İtaliya) 5:0
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Almaniya, Münhen, "Alyans Arena".