"Deməzdim ki, rəqibə yüz faizli epizod verdik" - Ayxan Abbasov

"Stressli oyun idi. "Kəpəz" də, biz də məğlub olmaq istəmirdik. Hər iki komandanın xala ehtiyacı var idi".
Mediasport.com.az xəbər verir ki, bu szləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 23-cü turunun "Kəpəz"lə səfər matçı haqda danışıb, 1:1 hesablı bərabərliyi şərh edib:
- Oyunun gərginliyi futbolçularda da hiss olunurdu. Hər iki hissədə qol fürsətlərindən yararlana bilmədik. Kobud səhvdən qol buraxdıq. İstənilən halda xalımızın üstünə xal gəldi. Yolumuza davam edirik. Futbolçularımı təbrik edirəm.
Sanki hər iki komanda heç-heçədən məmnun idi. Siz necə düşünürsünüz?
- Oyunun axarı gərgin keçirdi. Deməzdim ki, rəqibə yüz faizli epizod verdik. Üstünlük bizdə idi. Amma oyunun ssenarisinə görə iki komanda da 1 xala layiq idi.
Bu gün Belajdi Pusi ilə Leroy Mikelsin yoxluğu hiss olunurdu?
- Bu gün 3 itkimiz var idi. Bakiç də isinmə hərəkətləri zamanı zədələndi. Mikels və Pusi önəmli oyunçularımızdır. Amma mən elə yanaşmıram, hamıya güvənirəm. Gənc futbolçular özlərini meydanda rahat hiss edir. Bu, məni sevindirir.
Leroy Mikels nə vaxt yaşıl meydanlara qayıdacaq?
- Zədəsi ciddidir. Amma inşallah, bir həftə sonra məşqlərə başlayacaq. 25-ci turda oynamaq ehtimalı çoxdur.