Millimizin kapitanı: "Hazırda bütün fikirlərimiz avrokubokdadır"

“Təbriklər üçün hər kəsə təşəkkür edirəm. 5-ci dəfə Macarıstan Kubokunun qalibi oldum. Buna görə çox sevincliyəm".
"Mediasport" xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azəbaycan yığmasının kapitanı Ayşən Abduləzimova deyib.
Karyerasını "Vaşaş"da davam etdirən milli üzvü növbəti dəfə Macarıstan Kubokunu qazanmasından danışıb:
"Final oyunu gərgin alındı, buna baxmayaraq, 3:1 hesabı ilə qalib gəldik. Komandamızı təbrik edirəm.
Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da, Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir".
O, fikirlərini avrokuboklara yönəltdiklərini qeyd edib:
"Hazırda bütün fikirlərimiz avrokubokdadır. Bilirsiniz ki, sabah çox vacib oyunumuz olacaq. CEV kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.