"Heç kimin potensialını öncədən bilmək olmur" - Qurban Qurbanov
“Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Komandanın hazırlığından söz açan mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib:
"Transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik.
İlk növbədə qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır".
O, rəqib barədə ehtiyatlı danışıb:
Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur.
"Vestri" barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub.
İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq.
Son olaraq, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Sabah"a, Konfrans Liqasında mübarizə aparacaq "Zirə" və "Neftçi"yə uğurlar arzulayırıq”.
Xatırladaq ki, Ağdam klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiya Kubokunun qalibi "Vestri" ilə qarşılaşacaq.
Adalıları iyulun 9-da qəbul edəcək "atlılar" bir həftə sonra səfərdə oynayacaqlar.


