Azərbaycanda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.
Əlamətdar gün Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, ölkəmizdə hər il qeyd olunur.
Dünyanın qabaqcıl idman ölkələri sırasında qərarlaşmış Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər 1995-ci il martın 5-də Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın əsasını qoyub.
Bütün sahələr kimi, idmana da xüsusi diqqət, qayğı, maraq göstərən dahi liderin təməlini qoyduğu inkişaf yolunu bu gün onun layiqli davamçısı, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyev uğurla davam etdirir.
Geridə qalan bu illərdə Azərbaycanda çoxşaxəli, geniş platformalı idman infrastrukturu yaradılıb, ölkəmiz dünyaya çox sayda Olimpiya, dünya, Avropa çempionları bəxş edib. Təsadüfi deyil ki, Azərbaycanın adı bu gün beynəlxalq iman aləmində, xüsusən fərdi növlərdə dünyanın ən inkişaf etmiş respublikaları ilə yanaşı çəkilir.
Məhz bu uğurlarla əldə etdiyimiz nüfuz, etimad sayəsində hər il Azərbaycan müxtəlif idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi edir.
Son olaraq ötən il Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.
Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstərici olub. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır.
Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə ölkəmizin aktivinə 37 medal yazılıb.
Ötən yay Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 48 Azərbaycan idmançısı 15 idman növündə 17 proqram üzrə mübarizədə 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 204 ölkə arasında 30-cu yeri tutub.
Azərbaycan Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında 3-cü olub.
Milli Paralimpiya komandamız isə Parisdə XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı 11 medal (4 qızıl, 2 gümüş və 5 bürünc) qazanıb.
2024-cü ildə Azərbaycanda çövkən üzrə dünya çempionatı, “TeamGym” üzrə Avropa çempionatı, atıcılıq üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Avropa Kuboku, cüdo üzrə "Böyük Dəbilqə" turniri, güləş üzrə Avropa Olimpiya Təsnifat turniri, şahmat üzrə "Baku Open 2024" beynəlxalq festivalı, güləş üzrə U-23 Avropa çempionatı, "Formula 1" Azərbaycan Qran-prisi keçirilib.
İşğaldan azad edilmiş şəhərlərimiz də beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edib. Xankəndi şəhərində Xankəndi – Bakı ultramarafonu, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı-2024" beynəlxalq şahmat turniri, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə reqatası uğurla təşkil edilib.
Mediasport.com.az