"Mən heç vaxt 1 çanta pulun qol vurduğunu görməmişəm"

"Mən heç vaxt 1 çanta dolusu pulun qol vurduğunu görməmişəm".
Dünya futbolunun mərhum əfsanələrindən Yohan Kroyfun illər əvvəl səsləndirdiyi fikirlər yaşıl meydanlarda dəfələrlə təsdiqini tapıb.
"Uçan holland" ləqəbli niderlandlının frazası dünən Avropanın mərkəzində - Portuqaliyanın paytaxtı Lissabonda yerləşən 68 min azarkeş tutumuna malik möhtəşəm "Eştadiu Da Luj" arenasında bir daha əksini tapmış oldu.
Azərbaycanın qəhrəmanları - Qurban Qurbanov və komandası 16 dəqiqəyə 2 top fərqilə geri düşdüyü "Benfika" qarşısında əfsanəvi "kambək"lə dünya futbolunun manşetinə çevrildi.
Heyətinin ümumi dəyəri 25 milyon avronu keçməyən kiçik futbol ölkəsi təmsilçisinin böyükdən də böyük zəfərə imza ataraq 340 milyon avroya yaxın qiyməti olan Portuqaliya nəhəngini öz evinin içində - Avropanın gözü qarşısında devirməsi, hardan baxsan, fantastik nəticədir.
Gecədən bu yana boğazımızda düyünlənib qalan izaholunmaz ifadələrimizin, təriflərimizin heç biri Azərbaycan çempionunun inanılmaz qələbəsini vəsf etməyə yetmir. Azı şair olmaq lazımdır.
Hər dəfə bir sıçrayışla, fərqliliklə dünya futbol ictimaiyyətini ayağa qaldıran, təəccübləndirən Qurban Qurbanov və komandası bu dəfə də aləmi mat qoydu.
Allah Yohan Kroyfa rəhmət eləsin! Adam necə də möhtəşəm deyibmiş...
Böyüksən, "Qarabağ"!
"Çərçivə"nə sığmayacaq qədər çox böyüksən, Qurban Qurbanov! Bundan sonra 10 il uğur qazanmasanız, yenə bəsimizdir!
Mediasport.com.az