"Neftçi" "Bakı"nı təqdim etdi

 "Neftçi" "Bakı"nı təqdim etdi

"Neftçi" yeni mövsüm üçün üçüncü formasını təqdim edib.

"Mediasport" xəbər verir ki, "Kappa” tərəfindən klub üçün eksklüziv olaraq hazırlanan oyun dəsti “Bakı” adlanır.

Bu forma klubun doğulduğu şəhərə ithaf olunub və Bakının memarlıq irsi ilə “Neftçi”nin zəngin tarixini özündə birləşdirən xüsusi dizaynı ilə seçilir.

Bakı günəşi kimi sarı rəngli formanın ön tərəfində şəhərin ən tanınmış simvollarından olan Qız qalası ilə klubun tarixi və adının ayrılmaz hissəsinə çevrilmiş neft buruğunun təsvirləri əsasında xüsusi ornament hazırlanıb.

Bu elementlər Bakının keçmişi ilə “Neftçi”nin irsini vahid dizaynda birləşdirərək formaya özünəməxsus tərz qazandırır.

Formanın boyun hissəsində yer alan “Bakı – Neftçidir” yazısı isə klubla şəhər arasında onilliklər ərzində formalaşmış ayrılmaz bağı simvolizə edir.

Bu ifadə nəsillər boyu davam edən ənənəni, mənsubiyyəti və “Neftçi”nin Bakı futbolundakı yerini vurğulayır.

Müasir dizaynı, eksklüziv ornamenti və dərin simvolik məzmunu ilə “Bakı” forması “Neftçi”nin köklərinə ehtiramın, doğma şəhərimizə sevginin və bu şəhərlə bölüşdüyü ortaq tarixə sədaqətin təcəssümüdür.