"Avrokuboklara vəsiqələrin taleyi məhz son turda müəyyənləşəcək"

"Avrokuboklara vəsiqələrin taleyi məhz son turda müəyyənləşəcək"

"Zirə"nin futbolçusu Ruan Renato Azərbaycan Premyer Liqasının 26-cı turunun "Səbail"lə oyunundan (1:0) sonra "Mediasport"un suallarını cavablandırıb.


Qarşılaşma haqqında fikirlərin maraqlıdır.

- Oyunun çətin keçəcəyini bilirdik. Başa düşürdük ki, formada olan “Səbail”ə qarşı oynayacağıq. Məşqlərimiz də bunun üzərində qurulmuşdu. Gördüyünüz kimi, rəqib sona qədər mübarizə apardı. Yalnız final fitinə saniyələr qalmış qol vurduq. Qələbə qazandığımız üçün sevincliyik.

Erkən qol vura bilməmək “Zirə”nin işini çətinləşdirdi?

- Hücumameylli futbolçularımız digər görüşlərdə fürsətlərdən istifadə edirdilər. Bu dəfə alınmadı. İlk yarıda qol vura bilmədik, vaxt azaldıqca istər-istəməz təzyiq artır.

Bir neçə epizodda zərbələriniz dirəkdən qayıtdı. O anda fikirləşirdiniz ki, "vurmayana vurarlar" prinsipi işə düşə bilər?

- Futbolda belə hallar olur. Qol vəziyyətindən istifadə edə bilmədikdə təzyiq artır, psixoloji gərginlik yaranır. “Səbail” kimi əks hücuma yaxşı çıxan komanda ilə matçda da belədir. Ani diqqətsizliyimizlə qapımızda qol görə bilərdik. Xoşbəxtlikdən bu, olmadı.

Ardıcıl 4-cü qələbə ilə 3-cü sıradakı “Araz-Naxçıvan”la xal fərqini 5-ə çatdırdınız. Demək olar ki, “Zirə” ötən mövsümkü uğuru təkrarlayıb gümüş medalları qazanacaq?

- Xal fərqi böyüsə də, mən belə düşünmürəm. Mövsümün başa çatmasına hələ çox qalıb. Rəqiblərimiz də son tura qədər yarışacaqlar. Fikrimcə, avrokuboklara vəsiqələrin taleyi məhz son turda müəyyənləşəcək.

Kubokda mübarizəni dayandırmağınızın Premyer Liqada xeyrinizə olduğunu deyə bilərik? Nəzərə alaq ki, yarımfinalda rəqibiniz “Qarabağ” ola bilərdi və eyni zamanda daha çox oyun keçirməli olacaqdınız.

- Belə düşünmürəm. Mövsümün əvvəlində qarşımızda iki məqsəd var idi. Həm Premyer Liqada yüksək yerləri tutmağı, həm də kubokda azı final oynamağı hədəf seçmişdik. Təəssüf ki, “Araz-Naxçıvan” 3 penalti qolu ilə bizi kubokdan kənarlaşdırdı. O oyunlarda fərdi səhvlərimizin böyük rolu oldu. Penaltilərdən məğlubiyyəti həzm etmək çətindir.

Növbəti tur səfərdə “Sabah”la qarşılaşacaqsınız...

- Bəli, çətin oyun olacaq. Lakin Premyer Liqada uğurlu seriyamızı davam etdirmək istəyirik. “Sabah” səfərində meydana qələbə üçün üçün çıxacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

AYXAN