"Bəzi futbolçular effekt vermədi" - Ayxan Abbasov 0:4-ü şərh etdi

"Bəzi futbolçular effekt vermədi" - Ayxan Abbasov 0:4-ü şərh etdi

"Bilirdik ki, matç çətin keçəcək. Fasilədən sonra hər kəs xal qazanmağa çalışacaq. Üzücü oyun oldu. Bəzi futbolçular effekt vermədi. 44-cü dəqiqəyə qədər üstünlük bizdə idi".

"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan premyer Liqasının 17-ci turunun "Qəbələ" ilə oyunu haqda danışıb.

O, evdə böyükhesablı məğlubiyyəti belə şərh edib:

"İlk qola qədər hər şey yaxşı gedirdi. Ancaq fasilə ərəfəsində, daha sonra ikinci hissənin startında buraxdığımız qollardan sonra geridönüş etmək çətin oldu. Rəqib əks-hücumlardan daha iki qol vurub fərqi artırdı. Bəlkə də bu məğlubiyyət futbolçuları ayıldacaq. 

Bəzən özümüzdən böyük baryerlər olur. Biz bu baryerləri aşmalıyıq ki, "biz də varıq" deyək. Bəlkə də futbolçulardan çox şey istəyirəm.

Amma bu, bizim işimizdir, mübarizə aparmalıyıq, təslim olmamalıyıq, məqsədimizə çatmalıyıq.

Heç demədim ki, itkilərimiz var. Bu gün oyuna böyük itkilərlə çıxmışdıq. Qışda güclənməyə ehtiyacımız var idi.

Gileylənmirik. Bəlli bir hədəfimiz var. Çalışırıq ki, Premyer Liqada yerimizi qoruyaq”.

Qeyd edək ki, "Şamaxı" "Qəbələ"yə 0:4 hesabı ilə uduzub.