“Prezident Kuboku" reqatasında ilk medalçılar bu gün müəyyənləşəcək
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında yarışlar start götürəcək.
"Mediasport" xəbər verir ki, mübarizə saat 12:00-da Suqovuşanda - Sərsəng Su Anbarından başlanacaq və ilk medalçılar müəyyənləşəcək.
Avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafəyə yarışlarda qüvvələrini sınayacaqlar.
Final mərhələsi saat 14:10-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş "Prezident Kuboku"na Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı qatılıb.
Son 2 mərhələsi Mingəçevirdə baş tutacaq yarış mayın 1-də yekunlaşacaq.
