"Problemləri aradan qaldırmaq üçün məşqdə maksimum çalışırıq"
“Avropa çempionatının başlanmasına bir neçə gün qalsa da, məşqlərimiz sıx qrafiklə davam edir. Bildiyiniz kimi, bir neçə yoxlama oyunumuz oldu".
"Mediasport" xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova deyib.
Yığmamızın kapitanı Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq prosesi və yarışla bağlı fikirlərini bölüşüb:
"Bu oyunlarda komandadakı çatışmazlıqları müəyyənləşdirdik, səhvlərimizi gördük.
Bu problemləri aradan qaldırmaq üçün məşqlərdə maksimum çalışırıq, məşqçilərin taktiki və texniki tapşırıqlarını oyunumuzda tətbiq edirik”.
Təcrübəli hücumçu doğma meydan amilinin xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Öz evimizdə, doğma azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə motivasiya verəcək. Əlbəttə, evdə oynamağın məsuliyyəti də böyükdür.
Lakin meydan və azarkeş amili bizə çox kömək olacaq. Əvvəl də dediyimiz kimi, əsas məqsədimiz qrupda layiqli oyun nümayiş etdirmək və növbəti mərhələyə yüksəlməkdir. Biz oyunçular da bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, qitə birinciliyinin (CEV EuroVolley 2026) Bakıdakı qrup oyunları 21–28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.
Millimizin C qrupunda rəqibləri İspaniya, Rumıniya, Portuqaliya, Niderland və Belçika voleybolçuları olacaqlar.


