"Qarabağ" son 10 mövsümün rekorduna imza atdı - 21 min!
"Qarabağ"ın Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində “Sabah”a qarşı keçirdiyi ev matçı (2:2) tamaşaçı rekordu ilə əlamətdar olub.
"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü 21 min tamaşaçı izləyib.
Bu göstərici PFL-in bayrağı altında keçirilən bütün turnirlər üçün təkcə 2025/26 deyil, son 10 mövsümün rekordudur.
Daha çox tamaşaçıya sonuncu dəfə 2015/16 mövsümündə kubokun finalında təsadüf olunub.
“Qarabağ”la “Neftçi” arasında görüşü (1:0) 23 min izləyici seyr edib.
“Qarabağ” – “Sabah” matçındakı tamaşaçı sayı 2008-ci ildən PFL-in bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 5-ci göstəricidir.
Daha çox tamaşaçı olan 4 oyunun hamısı kubokun final görüşləri olub.
PFL bayrağı altındakı yarışlar üçün hər hansı bir komandanın ev sahibliyi etdiyi (final neytral meydanda keçirilir) ən çox tamaşaçı toplayan matç olub.
Əvvəlki rekord 2016-cı il fevralın 14-də qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (1:2) 20 min 400 tamaşaçı olub.
Bir komandanın ev oyununa daha çox seyrçi toplaması sonuncu dəfə 2006/07 mövsümündə yaşanıb.
Həmin vaxt “Neftçi” – “Xəzər Lənkəran” görüşünü 25 min nəfər izləyib. Bugünkü matçda isə sonrakı 19 mövsümün rekordu qeydə alınıb.
Qeyd edək ki, bu oyunadək mövsümün rekordu eyni komandaların eyni stadiondakı çempionat matçına məxsus idi.
Misli Premyer Liqasının XXII turunun martın 1-də baş tutan matçında (3:3) 10 min 361 seyrçi qeydə alınıb.
