"Qazanılan qələbə gələcək üçün ümid verdi, özünəinamı artırdı"
“Bu iki oyun bizə böyük təcrübə qazandırdı. Oyun intizamını düzəltməyə çalışdıq. Çünki intizam bizim üçün vacib məqamdır. Bugünkü oyunda bunu 90 faiz bacardıq".
"Mediasport" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis Danimarka yığması ilə Bakıda keçirilən ikinci yoxlama matçı haqda düşüncələrini bölüşüb:
"Oyunçuların əksəriyyəti gəncdir, çılğındır, bəzən emosiyalarını boğa bilmirlər. Bu da tədricən nizamlanacaq. İstedadlı, perspektiv vəd edən futzalçılarımız var. Onların gələcəkdə daha yaxşı olacaqlarına əminəm.
Təcrübəli futzalçılarla birgə möhkəm kollektiv quracağıq. Qazanılan qələbə gələcək üçün inam verdi, özünəinamı artırdı.
İlk oyundan sonra rəqibə uyğun olaraq taktiki planda müəyyən dəyişiklik etdik. Futzalçılarla fərdi söhbətlər də apardıq. Ən əsası, intizam məsələsinə diqqət yetirdik. Təbii ki, bunlar tədricən düzələcək”.
Xatırladaq ki, skandinavlar üzərində bu gün 4:2 hesablı qələbə qazanan futzalçılarımız ilk sınaq qarşılaşmasında 1:4 hesabı ilə uduzmuşdular.
