"Atamın nailiyyətini təkrarlamaq böyük işdir" - Dünya üçüncüsü
"Axırıncı görüşüm çox çətin oldu. Qazaxıstan cüdoçusu ilə ikinci dəfə qarşılaşırdım. Eyni ssenari gedirdi. Bu dəfə də hesabda geridə idim".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin cüdoçusu Ömər Rəcəbli deyib.
81 kq çəki dərəcəsində yarışan idmançı Bakıda keçirilən dünya çempionatında qazandığı bürünc medal təəssüratlarını bölüşüb:
“Lakin görüş gedə-gedə özümə söz verdim ki, doğma arenada, ailəmin və bu qədər azarkeşin qarşısında məğlub ola bilmərəm.
Məhz azarkeş dəstəyi sayəsində geridönüş edərək qələbə qazandım”.
O, mükafatı atasına həsr etdiyini bildirib:
"25 il əvvəl atam dünya çempionatında bürünc medal qazanıb. Onun nailiyyətini təkrarlamaq böyük işdir. Medalı da atama həsr edirəm.
Qızıl medal üçün bir qədər özünəinamım çatmadı. Növbəti əsas məqsədinin Master turnirlərində uğurla çıxış etmək və Olimpiya Oyunlarına lisenziya qazanaraq çempion tituluna yiyələnməkdir".

