Qurban Qurbanov "Qarabağ"ın tarixinə düşən futbolçu ilə görüşdü

Qurban Qurbanov "Qarabağ"ın tarixinə düşən futbolçu ilə görüşdü

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" ilə matç üçün səfərdə olan "Qarabağ" sürprizlə qarşılaşıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun keçmiş futbolçusu Muarem Muarem komandanı məşq etdiyi oyunun keçiriləcəyi arenada ziyarət edib.

"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov məşqdən sonra şimali makedoniyalı ilə görüşüb, aralarında maraqlı dialoq yaşanıb.

Mütəxəssis ona "bu, nə qarındır?" deyə zarafat edib. Muarem isə əvəzində neçə ildir futbol oynamadığını bildirib.

Ağdam klubunun tarixinə düşmüş futbolçu Qurbanova ondan öyrəndiklərini tətbiq etməyə çalışdığını qeyd edib.

Hazırda vətənində "Şkupi" klubunda məşqçi işləyən Muarem 2012-2015-ci və 2016-2017-ci illərdə "Qarabağ"da oynayıb.

Xatırladaq ki, Muarem 2013/2014-cü illər mövsümündə Avropa Liqasının pley-offu çərçivəsində keçirilən cavab matçında səfərdə "Tvente"yə qol vuraraq (1:1, Bakıda - 0:0) "Qarabağ"ın avrokuboklarda ilk dəfə qruplara düşməsini təmin etmişdi.