"Bu da bizə müəyyən problemlər yaratdı" - Millimizin baş məşqçisi
"Oktyabrın 20-dən burada təlim-məşq toplanışındayıq. Yerli komandaya qarşı ilk yoldaşlıq görüşünü keçirdik. Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir".
"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis yığmanın Qazaxıstanla yoxlama oyunu haqda fikirlərini bölüşüb.
"Rəqibi təhlil etdiyimiz zaman güclü futbolçulara sahib olduqlarını görmüşük. Matçı iki hissəyə bölmək olar. Birinci hissədə çox yaxşı çıxış etdik, hesabı açdıq. Fasiləyə qədər ən azı daha bir qol vura bilərdik. Qazaxıstan yığmasının da təhlükəli hücumları oldu, amma müdafiədə çox diqqətli oynadıq.
İkinci hissədə isə rəqib oyun planını dəyişdi, əsasən uzun ötürmələrlə hücumlar qurmağa çalışdı. Bu da bizə müəyyən problemlər yaratdı.
Qolu da standart vəziyyət zamanı öz səhvimizdən buraxdıq. Buna baxmayaraq, qələbə qazandıq. Görüşün əvvəlindən sonuna qədər qalib gəlmək üçün əlindən gələni edən, xarakter göstərən komandamıza təşəkkürümü bildirirəm".
Qeyd edək ki, 2:1 hesablı qələbə qazanan millimiz Qazaxıstan futbolçuları ilə ikinci yoldaşlıq görüşünü oktyabrın 27-də keçirəcək.
