Bu "Zirə" kimə və nəyə lazımdır?

Bu "Zirə" kimə və nəyə lazımdır?

UEFA Avropa Konfrans Liqasında Estoniyanın "Paide" klubu ilə duellərdən sonra yarışda mübarizəni dayandıran "Zirə" Azərbaycan futbolu adına növbəti böyük məyusluğa imza atdı.

Bu uğursuzluğu bəxtsizliklə, hakim səhvləri ilə və ya təsadüflə izah etmək mümkün deyil.

Artıq altı ildir "Zirə"nin sükanı arxasında olan Rəşad Sadıqov üçün "vaxt lazımdır" arqumenti də çoxdan öz aktuallığını itirib.

Altı ilə normal bir sistemli komanda formalaşdıra bilməyən məşqçinin komandasının "Paide" kimi sıradan rəqibi keçə bilməməsi əslində qanunauyğunluqdur.

Çünki təkcə son iki oyunun ümumi mənzərəsi göstərdi ki, "qartallar"da keyfiyyət, faydalı iş əmsalı çox aşağıdır. Rəqibdən qat-qat üstün futbol oynamağın heç bir faydası yoxdur.

Nəticəyə cavabdeh olan əsas şəxs Rəşad Sadıqov milyon bəhanə göstərə bilər, amma məsuliyyətdən qaçmamalıdır.

Mətbuat konfranslarında "150 qol epizodu yaratdıq" kimi mənasız ifadələr əvəzinə "filan yerdə səhvim oldu", "transfer etdiyim futbolçuların keyfiyyəti aşağıdır" və bu tipli etiraflarla azarkeşlərin könlünü almağa çalışmalıdır.

Çünki estonlarla 2 qarşılaşmada 20-dən çox real qol epizodu yaradan komandanın cəmi bir dəfə fərqlənməsi artıq futbolçuların fərdi bacarıqsızlığından daha çox məşqçilər korpusunun problemidir.

Ardıcıl olaraq ən sadə qol imkanları boşa verilirsə, deməli, psixoloji hazırlıqda, oyun planında və digər texniki detallarda ciddi çatışmazlıqlar var.

İki oyuna bu qədər fürsəti dəyərləndirə bilməyən komandanın Avropada uğur qazanması da anormallıq olar.

"Zirə"nin səviyyəcə xeyli aşağı rəqibə uduzması heç cür qəbul edilə bilməz. Bu, təkcə nəticə yox, həm də bir məşqçinin məğlubiyyətidir.

Məhz bu fiasko bir daha göstərdi ki, Rəşad Sadıqovun məşqçilik bacarığında irəliləyiş, artım, inkişaf yoxdur. "Paide" səddi "Zirə" rəhbərliyi üçün mütləq ciddi xəbərdarlıq olmalıdır.

Fəaliyyət göstərdiyi gündən bu yana Azərbaycan futboluna heç bir fayda verməyən "Zirə" avrokuboklarda sıradan rəqiblərlə də bacarmırsa, 2 mərhələ keçə bilmirsə, kimə və nəyə lazımdır?

Bunu rəhbərlik ciddi düşünməlidir!

AYXAN