Bu "Kəpəz"in bir yiyəsi var?

Bu "Kəpəz"in bir yiyəsi var?

Ötən həftələrdə yazmışdıq, vallah, "Kəpəz"in düz-əməlli yiyəsi yoxdur.

Olsaydı, futbolçusu azarkeşin üzünə çımxırıb üstünə getməzdi. Mövsümdə "Qarabağ" kimi nəhəngi iki dəfə məğlub etmiş yeganə klubun yiyəsi, sahibi, rəhbəri kimdir, bilinmir.

Azarkeş durduq yerdə tənqid eləmir, haqqı olanı tələb edir.

Dağlar boyda şəhərin əzəmətli dağından ad alan komanda necə bərbad idarə olunursa, meydandakı oyunları da onun oxşarıdır.

Hər matçdan sonra qalmaqal, narazılıq, problem...Ortalığa çıxan nə gəzir.

Eləcə Azər Bağırovu qabağa verib aranı sakitləşdirməklə məşğuldurlar, vəssalam.

Azarkeşin də səbrinin həddi-hüdudu var axı. Sən "Qarabağ" kimi komandaya qalib gəl, sonra liqada can çəkişən "Qəbələ"yə, debütant "İmişli"yə uduz, çempionatda sürünən "Karvan-Yevlax"dan 4 top burax?

Bəs bu komandanın yiyəsi nə vaxt ortalığa çıxıb azarkeşinin üsyanına, suallarına cavab verəcək? Premyer Liqanı tərk edəndən sonra?

Amma narahat olmayın, ona da bir şey qalmayıb. Odee, son iki oyunda qələbə qazanan "Karvan-Yevlax"la aradakı fərq durmadan azalır.

Azər Bağırovun çemodanı yanındadır, hazırdır, gedəcək. Arada qalan və cavab verməli olan kimdir, Allah bilir.

Rəsmiyyətdə İdarə Heyətinin sədri Adil Vəliyev, Fərman Əlizadə ilə Afiq Süleymanov isə üzvdür. Sonuncunu, ümumiyyətlə, tanıyan-görən varsa, bizə yaza bilər.

Adil Vəliyevin də formal rəhbər olduğu bu gün üçün məlumdur. Qalır Fərman Əlizadə...Onu da arada mətbuat xidmətifason sosial şəbəkə hesablarında qonaqlarla birlikdə paylaşılan şəkillərdən görə bilirik. Vəssalam. Bu da oldu "Kəpəz" PFK!

Mövsüm ərzində bir dəfə azarkeşin, mətbuatın qarşısına çıxmayan, meydanlarda görünməyən, mediadan qaçaq düşən ofis adamlarının "Kəpəz"də rəhbərliyi, peşəkarlığı nədir, necədir, bir özləri bilir, bir də özləri.

Olan isə komandaya olur. Maraqlıdır, sürətlə üzüaşağı yuvarlanan, heç kimin vecinə olmayan komanda bu gün-sabah möhtəşəm stadionuna qovuşmaq üzrədir, ancaq ortalıqda nə rəhbər var, nə də cavabdeh-idarəçi.

Olmaya, Fərman Əlizadəni bir də yeni stadiona ayaq basanda poz verən formatlı şəkillərdə görəcəyik?

Allah kəssin belə futbol idarəçiliyini. Həqiqətən də "Kəpəz" elə bil ki, Peşəkar Futbol Klubu yox, vatsap qrupudur...

AYXAN