"Sanki biz vidalaşmışıq, Türkiyə hələ də DÇ-də yoluna davam edir"
"Turnirin qrup mərhələsini biz birinci pillədə başa vurduq. Mən nəyisə səhv başa düşmüşəm? Sanki biz mundialla vidalaşmışıq, Türkiyə hələ də yoluna davam edir".
"Mediasport" xəbər verir ki, bu sözləri futbol üzrə ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino deyib.
O, DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunun Türkiyə ilə oyunundan sonra (2:3) fikirlərini bölüşüb:
"Gəlin, bu reallığı unutmayaq: biz qrup mərhələsini birinci bitirdik. Bizdən olan gözləntiləri doğrultmağı da bacardıq. Türkiyə ilə oyunda da qələbə qazanmaq istəyirdik, amma alınmadı.
Komandamdan məmnunam. Futbolçularım çox yaxşı performans sərgilədilər. Bir daha təkrarlayıram: qrupu birinci başa vurduq.
Bu ana qədər heç birimiz - futbolçular, məşqçilər korpusu, azarkeşlər tərif eşitmədik. Komandamızda bir neçə oyunçu millidə debüt etdi.
Önəmli olan qrupda bütün matçları qazanmaq deyil, növbəti mərhələyə yüksəlməkdir".
Xatırladaq ki, ABŞ D qrupunu 6 xalla birinci, Türkiyə isə 3 xalla sonuncu başa vurub.


