"Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar"

"Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar"

"Bu gün istədiklərimizi həyata keçirə bilmədik. Komanda ilk dəqiqələrdən "Turan Tovuz"un təsiri altına düşdü. 2-3 gün ərzində danışdığımız gedişlər meydanda alınmadı".

"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 16-cı turunun "Turan Tovuz"la oyunu haqda danışıb, 0:2 hesablı məğlubiyyəti şərh edib:

"Bəzən zəif oyunlar olur. İstəməzdik ki, bu gün olsun. Demək olar ki, heç nə alınmadı. "Turan Tovuz"u təbrik edirəm".


Futbolçular ilin son matçı olduğu üçün istirahətə yollanmağa tələsir?

- Yox. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların motivasiyası da yaxşı idi. Bəlkə də mövsümün yorğunluğundan ola bilər. Çox ağır günlərimiz oldu.

Rəqib oyunçular tez-tez yerə yıxılırdı və hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu, sizin oyununuza mənfi təsir etdi?

- Səbəb tək bu deyil. Rəhim Həsənovla görüşdə bildirdik ki, istəyimiz oyunun tempinin düşməməsi, tez-tez dayanmaların olmamasıdır. Bu gün tək futbolçulara yox, məşqçilər heyətinə psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Çox vaxt bunda məqsəd vaxt aparmaqdır.