"Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik"
“Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik".
"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis yığmanın Qazaxıstanla ikinci yoxlama oyunu haqda fikirlərini bölüşüb:
"Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik.
İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi.
Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı.
Yenə də də qızlar xarakter göstərərək sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm.
Fürsətdən istifadə edərək Qazaxıstan Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Təlim-məşq toplanışının yeri çox gözəl idi və bizim üçün hər cür şərait yaradılmışdı”.
Qeyd edək ki, millimiz Qazaxıstan yığması ilə keçirdiyi ilk yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanıb.
