Çempionlar Liqası: Təmsilçimiz yarışa əsas mərhələdən başlayacaq
Futzal üzrə UEFA Çempionlar Liqasının növbəti mövsümünün reqlamenti açıqlanıb.
Futzal federasiyasından "Mediasport"a verilən məlumata görə, həm ilkin, həm də əsas mərhələ üzrə qarşılaşmalar minitur formatında keçiriləcək.
Matçlar qrupdakı klubların birinin təmsil etdiyi şəhərdə baş tutacaq.
Milli komandaların son reytinq cədvəlində (aprel) ilk "4-lük"də yer alan ölkələrin hər biri 2 klubla təmsil olunacaq.
Rusiya cəzalı olduğu üçün Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq.
Əsas mərhələdə komandalar yenə A və B yolunda yarışacaqlar.
Azərbaycanı bu turnirdə "Araz-Naxçıvan" təmsil edəcək. Komandanın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.
İlkin və əsas mərhələnin püşkatması: 8 iyul
İlkin mərhələnin oyunları: 25-30 avqust
Əsas mərhələnin oyunları: 27 oktyabr - 1 noyabr
1/8 və 1/4 finalın püşkatması: 4 noyabr
1/8 final oyunları (ev və səfər): 23 noyabr, 4 dekabr
1/4 final oyunları (ev və səfər): 8 və 19 fevral 2027
Final: 6 və ya 7 // 8 və ya 9 may 2027
İlkin mərhələ
Aşağı reytinqli komandalar oyunlara bu mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Miniturnirin qalibləri (saydan asılı olaraq ən yaxşı ikinci yerin sahibi də ola bilər) əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələ
A yolu
Reytinq cədvəlinin 1-11 və 16-19-cu yerlərində qərarlaşan klublar burada mübarizə aparacaqlar. Hər birində 4 iştirakçı olacaq. İlk 3 yeri tutan klublar 1/8 finala yüksələcək.
B yolu
12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda mübarizə aparacaqlar. Ancaq birinci yeri tutacaq 4 klub 1/8 finalda iştirak edəcək.
1/8 final
Ötən mövsüm ilk dəfə tətbiq edilən və elit raundu əvəz edən bu mərhələdə komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf 1/4 finala adlayacaq.
1/4 final
Eyni rəqiblər evdə və səfərdə üz-üzə gələcəklər. Yekunda üstünlük qazanan tərəf final mərhələsinə yollanacaq.


