"Uğurlarımızın davamını beynəlxalq arenada gətirmək istəyirik"

"Yarışa yaxşı hazırlaşmışıq. Bunun nəticəsi olaraq, turnirin ilk günü idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı aktivimizə yazmağı bacardıq. İdmançılarımızın indiyədək qazandığı nəticələri qənaətbəxş hesab etmək olar".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan avarçəkmə yığmasının kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov deyib.
Mütəxəssis Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında milli komandanın çıxışını dəyərləndirib:
"Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə yarışda rəqiblərini üstələməyə çalışacaq".
O, növbəti hədəflərinin Avropa və dünya çempionatlarında da fəxri kürsüyə qalxmaq olduğunu vurğulayıb:
"Uğurlarımızın davamını beynəlxalq arenada gətirmək istəyirik. Şübhəsiz ki, "Prezident Kuboku-2025"də qazanacağımız nəticələr bizim üçün önəmlidir. Reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".
Qeyd edək ki, sabah yekunlaşacaq reqatada Azərbaycan idmançıları dünən 1 gümüş və 4 bürünc medal əldə ediblər.