Ukrayna mətbuatı "Qarabağ" və Qurban Qurbanovdan geniş yazdı

Ukrayna mətbuatı "Qarabağ" və Qurban Qurbanovdan geniş yazdı

Ukrayna mətbuatı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) - "Qarabağ" oyunu ərəfəsində Ağdam klubu və baş məşqçi Qurban Qurbanov haqda geniş yazı hazırlayıb.

"Mediasport" xəbər verir ki, "champion.com.ua" nəşri "Qarabağ"ın son illərdə qazandığı uğurları araşdırıb.

Qeyd edilib ki, bu nailiyyətlər təsadüfi deyil, əsas səbəbkar 18 ildir komandaya rəhbərlik edən Qurban Qurbanovdur:

"Qurbanov "Qarabağ"a təyin olunanda ona böyük inam yox idi. Buna səbəb onun daha əvvəl "Neftçi"də uğursuz nəticələr göstərməsi idi.

Lakin zamanla özünü sübut etdi. Onun əsas üstünlüklərindən biri sabit kollektiv formalaşdırmaq bacarığının olmasıdır. Məsələn, "Qarabağ"ın heyətində Abdullah Zubir 366, Ansi Aqoli 298, Kevin Medina 204, hazırda Ukraynanın "Polessye" klubunda çıxış edən Leandro Andrade isə 213 oyun keçirib".

Yazıda vurğulanıb ki, məhz belə sabitlik "Qarabağ"ı Avropada tanınan komandaya çevirib:

"2014-cü ildə "Dnepr" üzərində səfər qələbəsi, 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi, "Atletiko" Madridlə iki heç-heçə, 2024-cü ildə "Braqa"nın mübarizədən kənarlaşdırılması və "Bayer" Leverkuzenə son dəqiqələrdə uduzması, həmçinin 2025/2026 mövsümündə "Benfika" və "Kopenhagen" üzərində qələbələr, "Çelsi" ilə heç-heçəni qeyd etmək lazımdır.

Qurbanovun transfer siyasəti diqqət çəkir. O, böyük büdcəli transferlərdən daha çox, komandanın oyun sisteminə uyğun futbolçular seçir.

Məqalədə diqqətə çatdırılıb ki, "Qarabağ" oyun üslubuna görə ölkə daxilində "Qafqazın Barselona"sı kimi tanınır.

Əlavə edilib ki, Qurbanov daim özünü inkişaf etdirməyə çalışır. Son nümunə kimi, ötən mövsüm Almaniyada "Bayer" Leverkuzen"in baş məşqçisi Şabi Alonsonun iş prosesi ilə yaxından tanış olması göstərilib.

Müəllif yekunda Qurban Qurbanovun artıq Azərbaycanda sadəcə məşqçi deyil, milli futbolun rəmzlərindən birinə çevrildiyini vurğulayıb.

Sabiq kapitan Maksim Medvedev isə nəşrə açıqlamasında onu məşhur şotlandiyalı mütəxəssis Aleks Fergüusonla müqayisə edib:

"Qurbanov bizim azərbaycanlı Aleks Fergüsonumuzdur. O, nə qədər istəsə, "Qarabağ"ın baş məşqçisi olaraq qalacaq.

Günlərin birində özü qərar verəcək və karyerasını başa vuracaq".