"Ümid edirəm ki, ildən-ilə çempionat daha maraqlı olacaq"

"Ümid edirəm ki, ildən-ilə çempionat daha maraqlı olacaq"

"Basketbolumuz üçün çox uğurlu mövsüm oldu. Azərbaycan Basketbol Liqasında (ABL) ilk dəfə 12 komanda mübarizə apardı".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

Qurum rəhbəri ölkə çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra təəssüratlarını jurnalistlərlə bölüşüb:

"Final seriyasında "Neftçi" və "Sabah" kollektivləri arasında maraqlı mübarizə alındı. Kifayət qədər gərgin mübarizə şəraitində keçən görüş izlədik. Hər iki komanda layiqli çıxış etdi. "Sabah"ı çempionluq münasibətilə təbrik edirəm. "Abşeron" və "Şəki" bu mövsümün ən sürpriz klubları oldular. Ümid edirəm ki, ildən-ilə çempionat daha maraqlı olacaq".

Qeyd edək ki, final seriyasının 6-cı oyununda "Neftçi"yə qalib gələn "Sabah" ümumi hesabda 4:2 önə çıxaraq ardıcıl üçüncü mövsüm Azərbaycan çempionu oldu.