Podolski peşəkar karyerasını tarixi vətəndə kubokla başa vurdu
Almaniya milli komandasının sabiq futbolçusu Lukaş Podolski peşəkar karyerasını başa vurub.
Son illərini Polşada keçirən hücumçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
41 yaşlı forvard 2021-ci ildən tarixi vətəni Polşanın Yüksək Liqa təmsilçisi "Qurnik"də (Zabje) forma geyinirdi.
Peşəkar futbolla ölkə kubokunu qazanaraq vidalaşıb.
"Bayern", “Arsenal”, “İnter” (Milan), “Qalatasaray” kimi komandalarda çıxış etmiş Podolski Bundestimin heyətində 130 oyun keçirib, 49 qolla yadda qalıb.
O, milli ilə 2014-cü ildə dünya çempionu, 2008-ci ildə Avropa ikincisi, 2006 və 2010-cu illərdə isə DÇ-lərdə bürünc medalçı olub.
Podolski Almaniyanın 1 və 2-ci Bundesliqalarında çempionluqlar yaşayıb, İngiltərə, Türkiyə, Yaponiya və Polşada ölkə kubokunu qazanıb.
Xatırladaq ki, Lukaş 1985-ci ildə Polşanın Qliviçe şəhərində idmançı ailəsində dünyaya gəlib.
Atası Valdemar peşəkar futbolçu olub və 1980-ci ildə Polşanın "Şomberki" komandası ilə ölkə çempionluğu yaşayıb.
Anası Kristina isə Polşanın həndbol milli komandasında oynayıb.
Ailə Podolskinin 2 yaşı olanda (1987) qərbi Almaniyaya köç edərək orada məskunlaşıb.
Lukas futbola 6 yaşında Berqhaym şəhərində başlayıb, 1995-2003-cü illərdə ölkənin tanınmış komandası "Köln"də yetişib.
Mediasport.com.az


