AFFA-da "yeni qaydaları" komitə sədrinə kim diktə edir? - VİDEO

AFFA-da "yeni qaydaları" komitə sədrinə kim diktə edir? - VİDEO

Rəhim Həsənov ötən il noyabrın sonlarında AFFA Hakimlər Komitəsinin sədri postuna gətiriləndə futbol ictimaiyyətində müəyyən ümid işığı yanmağa başlamışdı.

Dünya şöhrətli belçikalı Frank De Blekerenin fonunda hakimlərimizin Premyer Liqa matçlarında bilərəkdən-bilməyərəkdən etdiyi səhvlərə Rəhim Həsənovdan ciddi mədət ummaq bir qədər absurd görünsə də, seçimin azərbaycanlı olması faktı qismən sevinc hissi yaratmışdı.

Azərbaycan futbolu elə bir səviyyədədir ki, bu gün AFFA-da istənilən posta əcnəbi təyinatı doğru hesab olunmur və reallıq budur: biz hələ xaricilərlə işləyəcək həddə çatmamışıq.

Ən son nümunə Avropa çempionu Fernandu Santuş idi, müqaviləsi başa çatmamış kisə ilə pulunu götürüb getdi.

Hakimlər Komitəsinə daha əvvəl sədrlik etmiş Frits Ştuxlik, Barış Şimşek də buradan əli ətəyindən uzun, amma cibləri dolu yola salınıb.

Bu mənada keçmiş hakim Rəhim Həsənovla yeni başlanğıcın ola biləcəyi ümidi yaranmışdı.

Lakin ulularımızdan bizə miras qalan dəyərli məsəllərimizdən "Sən saydığını say, gör, fələk nə sayır" atalar sözü bu məsələdə də əyani faktlarla özünü təsdiqləyir.

Misal, Premyer Liqanın başqa-başqa oyunlarında tamamilə oxşar, eyni səviyyəli qayda pozuntusu olur - AFFA Hakimlər Komitəsinin sədri hər iki epizodu fərqli şərh edir.

Adamda şübhə toxumları artmasın, neyləsin? Sanki AFFA-da kimsə, hansısa "gizli əl" komitə sədrinə lazım olan "qaydaları" diktə edir.

Ən son şübhəli nümunə kimi 25-ci turun "Kəpəz" - "Qarabağ" matçında yaşanan mübahisəli epizodu xatırlatmaq istərdik:

Gəncə klubunun futbolçusu Şakir Seyidovun ağdamlıların üzvü Kamilo Duranın ayağına aşkar zərbə endirməsini bütün Azərbaycan gördü, baş hakim Əli Əliyev və VAR-da oturanlardan savayı.

Hakimlər Komitəsinin qabaqdangəlmişlik edərək epizodun hakimlər arasında müzakirəsinin səsli variantını ictimaiyyətə təqdim edərək özlərini təmizə çıxarmağa çalışması, ümumiyyətlə, kənardan çox gülünc görünür.

Şakir Seyidov topa oynasa da, oynamasa da (videoda göstərilməyə çalışılsa da, topa oynamadığı da görünür əslində), fakt cərimə meydanında Kamilo Duranın ayağına zərbə endirir və bizim HK üçün "yeni qayda" çıxmayıbsa, bu, aşkar penaltidir, vəssalam.

Arxadan atılan daş topuğa dəyər. "Qarabağ"ın ən böyük uğurunu qazandığı mövsümdə iki dəfə "Kəpəz"ə uduzması, ümumiyyətlə qol vura bilməməsi ayrı yazının müzakirə predmetidir.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun səsləndirdiyi fikirləri xatırlayaq:

"Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi".

Fikrimizcə, bu cümlələrdə əslində çox böyük həqiqət gizlənir. Qurban Qurbanov elə-belə, boşuna danışan, dilə gələn, hər fürsətdə etiraz edən məşqçi deyil.

Çempionatın lideri "Sabah"a hərtərəfli dəstək olunduğunu bütün Azərbaycan görür-bilir, öz yerində.

Amma son dərəcə aşkar epizodlarda kimlərinsə öz aləmində "Sabah" rəhbərliyinin gözünə xoş görünmək üçün iyrənc variantlara əl atması...

İndiki "Sabah" fakt bu qədər aciz, ələbaxan, cılız komanda da deyil axı.

Çempionluğa oynayan komandanın, ümumiyyətlə, belə cılız "dəstəyə" ehtiyacı da ola bilməz. Olacaqsa, sabah Avropada nə edəcək?

Komanda uğurlu relsə düşüb, oyununu oynayır, xallarını qazanır. Biz də məhz buna görə soruşuruq:

"Sabah"ın əsas və digər rəqiblərinə hər fürsətdə belə ucuz, səviyyəsiz badalaq cəhdləri kimin beyninin məhsuludur?

https://youtube.com/shorts/c_GQ7b_mQTw?si=jkT6IeB5uCy4t0LA

Mediasport.com.az