“Qarabağ”ın komandaları üçün maarifləndirmə seminarı keçirildi

 “Qarabağ”ın komandaları üçün maarifləndirmə seminarı keçirildi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən “Qarabağ” FK-nın U-15, U-16, U-17 və U-19 komandaları üçün maarifləndirmə seminarı təşkil olunub.

Agentlikdən "Mediasport"a verilən məlumata görə, seminar çərçivəsində qadağan olunmuş maddələr və üsullar, dopinq nəzarəti prosesi, eləcə də təmiz və ədalətli idman prinsipləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Gənc futbolçulara 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin əsas tələbləri, test prosedurları və mümkün intizam sanksiyaları izah edilib.

Görüş zamanı idmançıların hüquq və öhdəlikləri diqqətə çatdırılıb, ciddi məsuliyyət prinsipi və terapevtik istifadə üçün istisnalar barədə ətraflı məlumat təqdim olunub.

Eyni zamanda, dopinqlə yanaşı, narkotik vasitələrin istifadəsinin sağlamlığa, idman karyerasına və şəxsi həyata mənfi təsirləri geniş şəkildə izah edilib, real nümunələr əsasında mövcud risklər şərh olunub.

Seminarın əsas məqsədi gənc idmançılarda erkən yaşlardan düzgün dəyərlər formalaşdırmaq, onları risklərdən qorumaq və şüurlu seçim etməyə təşviq etməkdir.

Bu cür təşəbbüslər gələcək nəsil idmançıların sağlam, məsuliyyətli və ədalətli idman mühitində yetişməsinə, ölkə idmanında təmiz rəqabət prinsiplərinin möhkəmlənməsinə mühüm töhfə verir.