"Belə bir şey yoxdur ki, həmişə "Qarabağ" qalib gəlməlidir"

"Belə bir şey yoxdur ki, həmişə "Qarabağ" qalib gəlməlidir"

"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada dinamik futbol oynadılar, sonlara yaxın da oyunun sürəti artdı".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 24-cü turunun "Sabah"la görüşü haqda fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Hər bir futbolçudan razı qaldım. İkimiz də bir xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı kimi görünürdü. Ancaq sonradan oyun aktivləşdi, maraqlı matç alındı.


Murad Musayev "Sabah"ı çalışdıranda "Qarabağ" üzərində 3:2 hesablı qələbə qazanmışdı. Bu mövsüm Kurban Berdıyev və Vasili Berezutski də sizə uduzmayıb. Rusiyalı məşqçilərlə sizin komandanızın nəticələri təsadüfdür, yoxsa yaxşı analiz edirlər?

- Deyəcək bir şey yoxdur. Bura gəliblər, istəklidirlər, böyük təcrübə keçmiş məşqçilərdir. Bəlkə "Sabaha"a uduzacağıq, ya udacağıq. Hər məşqçi, komanda rəqibi analiz edir, normaldır. Görünən odur ki, biz daha çox çox təhlil etməliyik. Belə bir şey yoxdur ki, həmişə "Qarabağ", Qurban Qurbanov qalib gəlməlidir. 

Mövsümün sonunda 7-8 futbolçunuzun müqaviləsi bitir. Onlarla hazırki durum necədir? 

- Vaxtımız var. Mövsüm boyu fikirlər, düşüncələrdə dəyişikliklər olur. Hansısa futbolçunu göndərməyi düşünürsən, sonra saxlamaq istəyirsən. Ya da əksinə. Mövsümün sonuna kimi vaxt var. Sonda dəqiq məlumatlar bildiriləcək.

Buraxdığınız qolu necə şərh edərdiniz?

- O epizodda daha çox Sekidikanın ustalığını qeyd etmək lazımdır. Daha diqqətli olmaq lazımdır. Mateus Silvaya irad deyildi, motivasiya verdim ki, daha bərk oynamaq lazımdır.

Bu oyunda bir xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Qazandıq. Xalımızın üzərinə xal gəlirsə, qazanmış hesab edirəm.