"Ciddiyətimizi qorumalıyıq, daha yuxarı yerlərə qalxa bilərik”

"Ciddiyətimizi qorumalıyıq, daha yuxarı yerlərə qalxa bilərik”

“Son oyunda soyuqanlılıq, zərbələrdə dəqiqlik çatmadı. Qol vurmaq üçün bizim epizodlarımız daha çox oldu. Amma yararlana bilmədik”.

"Mediasport" xəbər verir ki, mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi Əli Səmədov deyib.

Son turun “Şamaxı” ilə matçı barədə danışan futbolçu bildirib ki, ələ düşən fürsətlərdən istifadə edilsəydi, hesab başqa cür olardı:

“Şamaxıdakı görüş bizim üçün olduqca vacib idi. Turnir cədvəlində 7-ci yer uğrunda mübarizədə əhəmiyyət daşıyırdı. Qalib gəlsəydik, irəliləyəcəkdik. Ona görə ciddi hazırlaşmışdıq. Məncə, pis oynamadıq, baxmayaraq ki, uduzduq. Komanda olaraq mübarizəmiz yaxşı alındı, sadəcə, qol vəziyyətlərini boşa verdik”.

Gəncə təmsilçisinin kapitanlarından biri olan Səmədov “Səbail” ilə arada olan 8 xallıq fərqinin onlarda arxayınlıq yaratmadığını qeyd edib:

“Çempionatın finişinə 5 tur qalmış 8 xallıq fərq az deyil. Açıq danışmaq lazımdır. Amma bu, bizə rahatlıq vermir.

Futboldur, hər şey ola bilər. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını edib xal ehtiyatını artırmalıyıq. Ciddiyətimizi qorumalıyıq. Mümkünsüz heç nə yoxdu. Daha yuxarı yerlərə qalxa bilərik”.