"Fransa ilə iki ağır oyun oynamaq elə iki illik stressə bəs edir"
"Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqib isə ilk matçını keçirəcək. Bu mənada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq".
"Mediasport" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Bakıda keçirilən "FİFA Series - 2026" beynəlxalq turnirində Syerra Leone yığması ilə oyundan öncə mətbuat konfransında iştirak edib:
"Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyəcəyik. Rəqib bu dəfə fərqlidir. İlk rəqibdən reytinq baxımından bizdən öndədirlər.
Son oyunlarını təhlil etmişik. Optimal heyət gəlib. Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır.
Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Hazırıq".
İlk oyunda yağışın yağması meydançaya təsir göstərib. Bu sizi nə dərəcədə narahat edir?
- Hava və meydança ağır idi. Amma rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdu, çox fərq hiss olunmadı.
Canni De Byazinin inancı var idi ki, oyunları udduqdan sonra mətbuat konfransına Emin Mahmudovla gəlirdi. Siz niyə belə etmədiniz?
- Millidə olandan bu yana istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti dərk etsinlər. Sizlərin qarşısında olması, danışması vacibdir. Hər oyunda bunu dəyişirik. Belə inanclarımız da yoxdur.
Syerre Leone millisi haqda çox şey bilmirik. Bu komanda hansı üslubda oynayır, kimdən çəkinmək lazımdır, bilmirik. Onlar haqda nə deyə bilərsiniz?
- Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqddə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla oynayırlar, texnikalıdırlar. Yaxşı oyun olacaq.
Sent Lusiya ilə oyuna sonradan meydana daxil olanlardan kimlərə sabah əsas heyətdə şans verəcəksiniz?
- Heyətdə dəyişiklik olacaq. Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Klubdan fərqli, ən yaxşılar buradadır. Rəqibə görə də düşünəcəyik.
Köməkçilərinizi Litva və ya Lixtenşteynin görüşlərinə göndərmisiniz?
- Yay toplanışında rəqiblərimizi yaxından izləmək planımız var. Köməkçilərimiz də orada ola bilər, özümüz də. İndiki yoldaşlıq görüşlərini yaxından izləyirik. Lixtenşteyn Tanzaniyaya qalib gəldi. Litva Gürcüstanla oynayırdı. Yaxşı, mübariz komandadır. Bu dəqiqə özümüzlə bağlı vəziyyətə düzgün qərar versək...Bizim onlardan böyük üstünlüyümüz yoxdur. Futbolçularımız milliyə yaxşı performansda olsalar, qalib gəlmək istəyirik.
Sabah bərabərlik qeydə alınsa, bunu uğurlu hesab etmək olar?
- Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçəcəklər. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FİFA-dır. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk oyunda istədiyimiz o idi ki, futbolçuların oyuna yanaşması düz idi.
Qələbə sizin özünüz üçün nə qədər vacibdir?
- Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq. Ən yaxşı ilimiz ola bilər.
Bir dəfə demişdiniz ki, müqaviləniz U-21-də fəaliyyətinizə əsasən davam edir. AFFA bu haqda ətraflı açıqlama verməyib. Millətlər Liqasındakı nəticələr millidəki fəaliyyətinizə təsir göstərəcək? "Şamaxı"nın baş məşqçi axtarışına çıxdığı xəbərləri dolaşır...
- Klubla yayda müqaviləmiz bitir. Mili ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək.
Bir müddət millimiz daha çox güc etibarı ilə özünə yaxın rəqiblərlə oynayacaq. Sonradan Avropa çempionatının seçmə mərhələsində daha güclü komandalarla oynamaq çətin olmayacaq?
- Yox. Məncə, problem olmaz. Biz ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq elə iki illik stressə bəs edir (gülür). Kənardan asan gələ bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. San-Marino və Malta ilə oyunlarımız olacaq. Zəif rəqiblər deyil. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Bir çox rəqiblərlə danışırdıq. Amma rəqib də səni seçməlidir. Futbolçularımız avrokuboklarda, ÇL-də oynayacaqlar. Futbolçular boş dayanmırlar. Allah qoysa, problem olmaz.
