"Heç kim deyə bilməz ki, "Karvan-Yevlax"ı asan məğlub edəcəyik"

"İlk oyun həmişə çətin olur. Meydanda bərabər mübarizə getdi. Bu gün 1 xal qazandıq. "Qəbələ"yə uğurlar arzulayıram. Mənim məşqçi olmağımda bu klubun əməyi böyükdür".
"Mediasport" xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 1-ci turunun "Qəbələ" ilə matçından sonra (1:1) keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Premyer Liqada məşqçi kimi debüt etdiniz. Hisləriniz necədir?
- Hər rəqibə qarşı əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu vaxtı neçə olmuşamsa, məşqçi kimi də eləyəm. Futbolçulara aşılayıram ki, rəqibdən çəkinməsinlər. Şükürlər olsun ki, bu gün 1 xal qazandıq.
Araz Abdullayev oynamağa hazırdır?
- Rəqib Arazı start heyətində gözləyə bilərdi. Buna görə onu ilk "11-lik"də oynatmadıq. İndi tam hazır deyil. Gələcəkdə daha yaxşı formada olacaq.
"Karvan-Yevlax"ın hədəfi nə olacaq?
- Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və rəqiblərdən çəkinməyən, əzmkar komanda formalaşdırmaqdır. Bacardığımız qədər daha yüksək yerdədə olmağa çalışacağıq.
Əlinizdə olan heyətlə hədəfə çatmaq mümkün olacaq?
- Düşünürəm ki, olacaq. Heç kim deyə bilməz ki, "Karvan-Yevlax"ı asanlıqla məğlub edəcəyik.
Qapıçının performansını necə dəyərləndirirsiniz?
- Tək qapıçı yox, futbolçularımız hamısı yaxşı oynadılar. Çempionat uzun marafondur, digər qapıçılara da şans düşəcək.