Ayxan Abbasov: "Futbolumuzun səviyyəsini yüksəltmək istəyiriksə..."

"Rəqibin necə ciddi hazırlaşdığını görmüşdük. Azarkeş dəstəyi də var idi, ilk dəqiqələrdən pressinq etdilər. Birinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə bilsəydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə səfər matçı haqda danışıb, 0:3 hesablı məğlubiyyəti şərh edib:
"Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq. Allah qoysa, davam edəcəyik".
Mahir Emrelinin oyununu necə şərh edərdiniz?
- Mahir mənə görə son vaxtlarda ən yaxşı oyunlarından birini keçirdi, əzmkar idi. Hücumlarımızın alınmaması rəqibdən asılı idi. İmkan vermirdilər. Tək qalanda çətinlik çəkirdi. Ona da dəstək olmalıyıq, pis təsir bağışlamadı. Gələn oyunda rotasiyalar da olacaq. Mahir də maksimum kömək etməyə çalışdı.
Bu gün itirilən güc və buraxılan qollar komandaya psixoloji təsir edəcək? Üç gündən sonra komandadan nə gözləmək olar?
- Fiziki cəhətdən çətinlik olacaq. Heyətimiz genişdir, baxacağıq. Sabah və birigün vaxtımız var. Bərpa olunmağa çalışacağıq. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa vaxtda oynamağa öyrəşməliyik. Oyunçularla danışacağıq. İkinci qolda standart vəziyyətdə diqqətli ola bilərdik. Daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Bu səhvlərdən də nəticə çıxaracağıq.
45+2-ci dəqiqədə qol buraxdıq. Fasiləyə 0:0 getsəydik, böyük sensasiya baş tutardı?
- Bir şeyi deyim ki, o qolu ancaq Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və o sürətlə uzaq küncə vurdu. Futbolçularım maksimumu etdilər ki, qarşısını alsınlar. Ancaq bu cür oyunçunun qarşısını almaq çətindir. Bəlkə ikinci hissə bizim üçün daha çətin olardı. Bilmək olmaz. Komanda inanırdı ki, mübarizə apara bilərik. Bu da bizim üçün vacib idi.
Mahirin meydanda qalması məcburiyyətdən idi? Sanki onu əvəzləmək istəyirdiniz...
- Rüstəm Əhmədzadə əvəzetmə istədi. O dəqiqələrdə birdən-birə 2 futbolçunu çıxarmaq istəmədik. Toral Bayramov da hər mövqedə oynaya bilən oyunçudur. İstədiyimiz dəqiqəni saxlaya bilmədik. Hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik. Amma o dəqiqələrdə qol oldu. Rəqibin hücumlarına hazırlaşmışdıq. İslandiya və Ukrayna ilə oyunlarda da hər iki komanda müdafiə olunmuşdu. Bu hücumlara hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.
Oyunun ən yaxşılarından biri Abdulla Xaybullayev idi..
- Məncə də o, ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb hücuma çıxmalıydıq. Əzmkar futbolçudur.
Əvvəl də eyni futbolçular idi, indi də. Görünən budur ki, əvvəlki millilərimizdə çatışmayan sistemsizlik idi?
- Əvvəlkindən danışmaq çətindir, düz olmaz. Önəm verəcəyimiz mövzudur. Futbolumuzun səviyyəsini yüksəltmək istəyiriksə, yığmalarımızın sistemi və fəlsəfəsi olmalıdır. Rəhbərliklə bu haqda danışırıq. Yəqin ki, alınar. Səmimi deyirəm, futbolçularla 3 məşq 1 oyun olmuşam. böyük potensialı olan oyunçularımız var. İnanıram ki, özümüzə yaxın rəqiblərlə başabaş oynamaq iqtidarındayıq.