"Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik" - Yeqor Xvalko

"Kollektivdə oyunçular bir-birilərinə etibar edirlər. Heç kim düşünmür ki, biz elitanı tərk edə bilərik. Bu amil uğur qazanmaq üçün vacib xüsusiyyətlərdəndir".
"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in kapitanı Yeqor Xvalko deyib.
Belaruslu müdafiəçi Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib. O, əvvəlcə XXX turun "Araz-Naxçıvan"la 0:0 başa çatan oyunu haqda danışıb:
“Məncə, yaxşı qarşılaşma alındı. Həm bizim, həm də rəqibin fərqlənmək üçün fürsətləri oldu. Hər iki tərəfin də qələbə qazanmaq şansları var idi. Qalib gələ və ya məğlub ola bilərdik. Turnir cədvəlinə baxsaq, nəticəni normal hesab etmək olar. Həmişə qələbə qazanmaq istəyirsən. Amma unutmayın ki, bunu rəqib də arzulayır”.
Yeqor Xvalko komandanın elitada qalmaq tapşırığının öhdəsindən hələ gəlmədiyi qənaətindədir:
“Qarşıda 6 oyun var. 8 xallıq fərqin olması yaxşıdır, amma çempionat bitməyib. Daha çox xal yığmaq lazımdır ki, Premyer Liqada yerimizi təmin edək. Turnir cədvəlində daha yuxarı pillələrə də qalxa bilərik. “Sumqayıt” və “Şamaxı” ilə xal fərqimiz böyük deyil. İrəliyə baxmalıyıq. Komandada özünəinam var, hamı yaxşı oyunlar, yuxarı yerlər haqqında fikirləşir. Bizim nəticələrimiz qış fasiləsindən sonra düzəldi. Bu, bizə yaxşı şeylər barədə düşünməyə səbəb yaradır”.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XXXI turunda səfərdə "Şamaxı" ilə qarşılaşacaq.