Sosial şəbəkələrdə məşhurlaşan Zeynəbin aqibəti necə oldu - Onu milli komandaya cəlb edəcəklər?

Sosial şəbəkələrdə məşhurlaşan Zeynəbin aqibəti necə oldu - Onu milli komandaya cəlb edəcəklər?

"Zeynəb bizim nəzarətimizdədir. Bilirsiniz ki, "Sabah" klubunda oynayır. Komandanın oyunları Bakıda olduğundan özüm də gedib baxıram, izləyirəm".

Bu sözləri Mediasport.com.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis ötən ilin sonlarında futbola olan sevgisi və qeyri-adi bacarıqları ilə sosial şəbəkələrdə məşhurlamış 14 yaşlı Zeynəb Tanrıverdiyeva haqqında danışıb.

O, Cəlilabad rayonundan olan istedadlı yeniyetmə ilə daimi maraqlandıqlarını qeyd edib:

"Zeynəbin klubda baş məşqçisi ilə daim əlaqə saxlayırıq, maraqlanırıq. Onu yığmanın düşərgəsinə gətirib yoxlamaq istəyirik və bunu edəcəyik.

Ancaq bildiyiniz kimi, bu aralar U-17 və U-19 millilərimiz Avropa çempionatı matçlarına hazırlaşırlar. Əsas diqqətimizi indi bura yönəltmişik. Akademiyamızda da təlim-məşq toplanışları çoxdur.

Amma dediyim kimi, Zeynəbi millinin təlim-məşq toplanışına çağırıb, bir həftə, 10 gün yoxlayacağıq. Bu, U-15 yığmamızın hazırlıq dönəminə də təsadüf edə bilər. Zeynəbin yaşı da düşür U-15-ə. Hər bir halda diqqətdə saxlayırıq və davam edəcəyik".

Qeyd edək ki, Zeynəb Tanrıverdiyevanın videoları sosial şəbəkələrdə yayıldıqdan sonra "Sabah"ın müvafiq yaş klubu onu heyətinə cəlb edib.